Bilik Gücdür Proqramı

Ev / Bilik Gücdür Proqramı

Bilik gücdür/Access proqramı ABŞ-ın Azərbaycandakı Səfirliyi, Nazirlər Kabineti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən həyata keçirilən iki illik intensiv ingilis dili proqramıdır. Proqramın məqsədi aztəminatlı məcburi köçkün ailələrindən olan 7-ci və 8-ci sinifdə təhsil alan 13-15 yaş arası şagirdləri ingilis dili tədrisi və şəxsi inkişaf bacarıqları ilə təmin etməkdir. Şagirdyönlü interaktiv tədrisə əsaslanan proqram çərçivəsində şagirdlər ingilis dili və ABŞ mədəniyyəti və dəyərləri haqqında biliklərini qrup fəaliyyətlərində iştirak edərək, mahnılar ifa edərək və oyunlar oynayaraq inkişaf etdirirlər. İngilis dili dərslərindən əlavə iştirakçılar dərsdənkənar fəaliyyətlərə cəlb olunurlar ki, bu da həm peşəkar, həm də şəxsi həyatlarında onlara vacib olan bir sıra bilik və bacarıqlara yiyələnməyə kömək edir. Beləliklə, şagirdlər problemlərin həlli, qərar qəbuletmə, tənqidi düşüncə kimi qabiliyyətlər qazanırlar. Bilik gücdür/Access proqramını bitirdikdən sonra iştirakçılar ABŞ hökuməti tərəfindən maliyyələşdirilən mübadilə proqramlarında iştirak etmək üçün daha inamlı və rəqabət qabiliyyətli olacaq və öz cəmiyyətlərinin və bütövlükdə ölkənin inkişafına daha yaxşı töhvə verə biləcəklər. Hazırda proqram 6 məcburi köçkün məktəbində olmaqla Bakı, Sumqayıt, Yevlax, Bərdə və Mingəçevir şəhərlərində icra olunur.